Dövlət büdcəsi
Dövlətin sosial-iqtisadi funksiyalarının həyata keçirilməsində dövlət büdcəsinin xüsusi rolu vardır. Dövlətin siyasi, iqtisadi, sosial və digər çoxşaxəli vəzifələrinin yerinə yetirilməsi yalnız dövlət büdcəsi vasitəsilə maliyyələşir. Büdcə anlayışı müxtəlif mənalarda işlədilir, dövlət, ailə, yerli, şəxsi və s. ümumiyyətlə, büdcə pul gəlirləri hesabına formalaşır. Büdcə müəyyən dövr ərzində dövlətin, müəssisə və təşkilatın, ailə və ayrı-ayrı şəxslərin pul gəlirləri və xərcləri balansıdır (planıdır). Yaradılan hər bir büdcənin öz həcmi, mənbələri, məqsədi və yerinə yetirdiyi funksiyası vardır. Bunlar içərisində formalaşma mənbələrinə, həcminə və xərc istiqamətlərinin səviyyəsinə görə dövlət büdcəsi mühüm əhəmiyyət kəsb edir. Dövlət büdcəsi öz maddi məzmununa görə dövlətin başlıca mərkəzləşmiş pul vəsaitləri fondudur. Yəni, dövlət büdcəsi müəyyən dövr ərzində (məsələn, bir il ərzində) ölkədə geniş təkrar istehsalı təmin etmək, insanların maddi və mənəvi tələbatlarını, dövlətin zəruri ehtiyaclarını ödəmək üçün yaranan mərkəzləşdirilmiş pul vəsaitləri fondudur. Dövlət büdcəsi dövlətin əsas maliyyə planıdır.